Fitch-dən Azərbaycan banklarına proqnoz: Sektor üçün nə gözlənilir?

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə 2026-cı il üçün proqnozunu açıqlayıb. Proqnoz neytral qiymətləndirilir.

Rock.News xəbər verir ki, agentliyin məlumatına görə, iqtisadi artımın zəifləməsi və kreditləşmənin yavaşlamasına baxmayaraq, bank sektorunun maliyyə göstəriciləri sabit qalacaq. Artımın əsasən qeyri-neft sektorundan qaynaqlanacağı, bankların mənfəətliliyinin isə yüksək olaraq qalacağı vurğulanır.

2021–2024-cü illərdə orta hesabla 18% artan kredit portfeli 2026-cı ildə birrəqəmli yüksək templə genişlənəcək. Yavaşlamanın əsas səbəbləri kimi pərakəndə kreditləşmədə imkanların məhdudlaşması, əhalinin borclanmasının artması və tənzimləmələrin sərtləşdirilməsi göstərilir.

Hesabatda problemli kreditlərin (Stage 3) payının 2026-cı ildə 4,5%-ə yüksələ biləcəyi bildirilir. Bu artım istehlak kreditlərində genişlənmə ilə əlaqələndirilir. Bankların mənfəətliliyi aktiv keyfiyyətindəki pisləşməni idarəolunan səviyyədə saxlayacaq.