Şirvan Yaşayış Kompleksində 216 mənzilin satışına başlanılır
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Şirvan şəhərində inşa olunan Şirvan Yaşayış Kompleksinə infotur təşkil edib.
Rock.News xəbər verir ki, infotur zamanı MİDA-nın mətbuat katibi Diana Dadaşova kompleksdəki mənzillərin satışı ilə bağlı məlumat verib. O qeyd edib ki, 216 mənzilin satışı dekabrın 3-ü saat 11:00-da başlayıb, dekabrın 12-si saat 11:00-da başa çatacaq.
Mənzillər ipoteka krediti və ya vətəndaşların öz vəsaitləri hesabına əldə oluna bilər. Satışa çıxarılan mənzillər tam təmirli və yaşayış üçün hazır vəziyyətdədir, bütün zəruri kommunal təminatları mövcuddur.
Şirvan Yaşayış Kompleksindəki mənzillərin qiymətləri belədir: ikiotaqlı mənzil 54 815 manat, üçotaqlı mənzil 69 160 manat, dördotaqlı mənzil isə 93 765 manatdır. Satış prosesi tam elektron qaydada və şəffaf şəkildə aparılacaq.
Şirvan Yaşayış Kompleksində ümumilikdə 1 264 mənzil var. 8,11 hektar ərazini əhatə edən kompleksdə 14 doqquzmərtəbəli və 11 onikimərtəbəli olmaqla, cəmi 25 bina yerləşir. Kompleksdə 32 studio tipli, 216 ikiotaqlı, 768 üçotaqlı və 248 dördotaqlı mənzil var. Mənzillər mətbəx mebeli ilə təmin olunub. Ərazidə uşaq bağçası və ümumtəhsil məktəbi də fəaliyyət göstərəcək.