Leyla və Arzu Əliyeva Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsini yad etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva noyabrın 21-də Astara rayonunda Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər. Onlar qəhrəmanın xatirəsini ehtiramla anıblar.

Rock.News xəbər verir ki, ziyarət zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun Vətənə xidmətləri, hərbi peşəkarlığı, şücaəti və mərdliyi yüksək qiymətləndirilib. Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə də baxış keçiriblər.

Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Qoca" ləqəbli kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astaranın Əzərüd kəndində doğulub. O, 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib və 17 il Vətənin müdafiəsində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalıb.

Hərbi xidməti dövründə bir çox medallara və mükafatlara layiq görülən Pəncəli Teymurov ölümündən sonra 2016-cı ildə "Vətən uğrunda" medalı ilə təltif edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.