Xankəndidə terror törədən Karen Avanesyanın məhkəməsi başladı

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, Karen Avanesyanın hüquqları izah olunub və tərcüməçi ilə təmin edilib.

Rock.News xəbər verir ki, məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib. Məhkəmənin baxış iclası dekabrın 15-nə təyin olunub. Sentyabrın 14-də Avanesyan Karen Albertoviç yaşadığı yerdən meşə massivinə gedərək gizlətdiyi silahları götürüb və Xankəndi şəhərində tədbir yerinə yaxınlaşmaq istəyib. Polis əməkdaşları ona mane olarkən Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub.