Dənizdə İtkin Düşən Həkim Tural Sultanovun Axtarışları Davam Edir
Artıq iki aydan çoxdur ki, dənizdə batdığı güman edilən Tural Sultanovun axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyi (FHN) itkin düşən həkimin tapılması üçün bütün qüvvələri səfərbər edib.
Rock.News xəbər verir ki, FHN-in Mətbuat Xidməti tərəfindən yayılan məlumatda, 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışlarının davam etdirildiyi bildirilib. Axtarışlar FHN-in Aviasiya dəstəsinin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Tural Sultanovun çalışdığı gəmidə itkin düşdüyü, ixtisasca həkim olduğu, gəmi ilə yanaşı özəl klinikada da fəaliyyət göstərdiyi məlum olub. O, sonuncu dəfə sentyabr ayında ailəsi ilə danışıb və oktyabr ayında geri dönəcəyini bildirmişdi.