Binəqədidə iki ev soyuldu: Oğrular kameralara düşdü, cərimələndilər!

Binəqədi rayonunda iki evdən oyun aparatları, təmir alətləri və məişət əşyaları oğurlanıb. Hadisə nəticəsində zərərçəkənlərə ümumilikdə 5015 manat maddi ziyan dəyib.

Rock.News xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Faiq Quliyev və 30 yaşlı Fuad Abdulov saxlanılıb. Aparılan araşdırmalar zamanı Fuad Abdulovun bir nəfərə məxsus bağ evindən 1850 manat dəyərində məişət əşyaları oğurladığı da məlum olub. Oğurluq edən şəxslərin evlərə daxil olmaları, oğurluq etdikləri anlar və “BYD” markalı avtomobillə hadisə yerindən uzaqlaşmaları təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb. Hətta onlar hadisə günü oğurluq etdikləri mənzildən qayıdarkən yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələniblər. Faktla bağlı araşdırmalar davam edir.