Məktəblilər Ziraat Bankda maliyyə biliklərini artırdı

“Ziraat Bank Azərbaycan” bank sektorunda gənclərin maliyyə savadlılığını yüksəltmək məqsədilə maarifləndirici layihə təşkil edib. Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Hədəf Liseyinin 9-cu, 10-cu və 11-ci sinif şagirdləri bankın ofisinə dəvət olunublar.
Rock.News xəbər verir ki, tədbir zamanı şagirdlər bankın müxtəlif departamentlərinin iş prinsipləri ilə tanış ediliblər. Onlara depozit və kredit məhsulları, onların hesablanma mexanizmləri, nağdsız ödəniş növləri, təhlükəsizlik qaydaları, habelə POS terminallarının və mobil bankçılıq xidmətlərinin funksionallığı barədə ətraflı məlumat verilib. Layihə çərçivəsində 20-dən artıq şagird bank əməliyyatlarını praktiki şəkildə izləyərək maliyyə qərarlarının verilməsində əsas prinsipləri mənimsəyib. “Ziraat Bank Azərbaycan” ASC 161 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Qurum Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki 11 filialı, eləcə də Quba şöbəsi vasitəsilə korporativ və pərakəndə bankçılıq məhsul və xidmətlərini təqdim edir.