Kapital Bank və Fond tələbə inkişafına dəstəyi gücləndirir
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu gənclərin təhsili və peşəkar inkişafına yönəlmiş əməkdaşlıq memorandumunu imzalayıb. Bu sənəd tələbələrin bilik və bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı daxil olması və karyera perspektivlərinin genişləndirilməsi məqsədini daşıyır.
Rock.News xəbər verir ki, əməkdaşlıq çərçivəsində tələbələr Kapital Bank-ın müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi və xüsusi təcrübə proqramlarında iştirak etmək imkanı əldə edəcəklər. Bu təşəbbüs gənclərə real iş və biznes mühiti ilə tanış olmaq, müasir bankçılıq prosesləri və idarəetmə prinsiplərini öyrənmək şansı verəcək. Memorandum həmçinin Kapital Bank-ın aparıcı mütəxəssisləri tərəfindən təşkil ediləcək təlim və inkişaf proqramlarına çıxışı təmin edir. Tələbələr üçün keçiriləcək seminar və vörkşoplar onların şəxsi və peşəkar inkişafına töhfə verərək, bank sektorunun iş prinsipləri, trendlər və innovativ yanaşmalar barədə biliklərini zənginləşdirəcək. Bu əməkdaşlıq ölkənin əmək bazarında rəqabətqabiliyyətli və hazırlıqlı kadrların yetişdirilməsinə mühüm töhfədir.