Şabranda sürüşmələr aktivləşdi: Evlər uçma təhlükəsi ilə üzləşir

Şabran rayonunun Əmirxanlı qəsəbəsi yaxınlığında Dəvəçiçay çayının sahilində sürüşmələr aktivləşib. Bir neçə yaşayış tikilisi dağılıb, digər evlər isə uçma təhlükəsi ilə üzləşib.

Rock.News xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Starə Tarixazər aparılan monitorinq zamanı vadinin quruluş xüsusiyyətləri, sürüşmələrin yayılma spesifikliyi və inkişaf şəraitinin proseslərin davam etdiyini göstərdiyini bildirib. Sürüşmə proseslərindən zədələnmiş sahələr çayın məcrası boyunca uzanır və bəzi yerlərdə onun subasar sahələrini əhatə edir. Bu ərazilər yeraltı suların qalxması və daşqınlarla müşayiət olunan nəmlənməyə məruz qalır ki, bu da sürüşmələri daha da aktivləşdirir.

Məlumata görə, sürüşmələrin aktivləşməsinin əsas səbəbləri təbii amillərlə bağlıdır. Atmosfer yağıntıları, çayın su sərfi və axın sürəti, zəif və dayanıqsız torpaqlar, yüksək rütubətlilik və digər amillər prosesi aktivləşdirir. Antropogen təsirlər texnogen yüklənmənin artdığı şəraitdə həlledici amilə çevrilir. Sürüşmələr həmçinin Dəvəçiçay üzərində yerləşən körpü keçidi sahəsində də müəyyən edilib.

Çay məcrasının qismən bağlanması yaxın ərazilərin su basmasına və yamacların deqradasiyasının sürətlənməsinə səbəb ola bilər. Bu isə əlavə yaşayış tikililərinin dağılması ilə nəticələnəcək.