Bulvar İdarəsinin sabiq rəhbərinin məhkəməsi: vəkil Mustafayevin səhhətindən narahat
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin sabiq sədri İlqar Mustafayevin və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmədə İlqar Mustafayevin vəkili müvəkkilinin səhhətinin kritik olduğunu bildirib və onun həyatının təhlükədə olduğunu qeyd edib.
Rock.News xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli vəsatət verib. Vəkil, müvəkkilinin bir ildən artıqdır ki, həbsdə olduğunu və səhhətinin kritikləşdiyini vurğulayıb. O, İlqar Mustafayevin ürək damarlarının 80 faizinin tutulduğunu və açıq ürək əməliyyatına ehtiyacı olduğunu bildirib. Məhkəmə vəsatəti təmin edib. Bulvar İdarəsinin nümayəndəsi İqbal Rəsulov idarənin tərkibində mövcud MMC-ləri Nazirlər Kabinetinin idarə etdiyini və Bulvar İdarəsinin müstəqil olaraq bu MMC-ləri ləğv edə bilmədiyini qeyd edib. Proses dekabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini mənimsəməkdə, 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini leqallaşdırmaqda şübhəli bilinirlər.