Beynəlxalq Təşkilat Qəzzaya Humanitar Yardımın Çatdırılması Üçün Səylərini Artırır

Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Qəzza zolağında ağır humanitar vəziyyətdə qalan mülki əhalinin müdafiəsi və dəstəyi üçün səylərini davam etdirir. Təşkilat üzv dövlətləri humanitar təşəbbüsə dəstək göstərməyə çağırıb.

Rock.News xəbər verir ki, BMMT Baş katibi Ərgüc Kələntərli üzv dövlətlərə çağırış edərək, humanitar təşəbbüsə dəstək verməyə səsləyib. İsrail hökuməti rəsmi şəkildə humanitar təşəbbüsə icazə verib. Bu icazə humanitar yardımın təhlükəsiz və koordinasiyalı şəkildə İsrail ərazisindən keçməklə zərərçəkmiş mülki əhaliyə çatdırılmasına imkan yaradacaq.

BMMT rəhbərliyi İsrail tərəfinin göstərdiyi konstruktiv əməkdaşlığın təşkilatın humanitar fəaliyyətlərinin fasiləsiz davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Təşkilat bütün humanitar əməliyyatlarda neytrallıq, müstəqillik və humanizm prinsiplərinin rəhbər tutulduğunu və bu çərçivədə bütün tərəfdaşlarla əməkdaşlığın genişləndiriləcəyini vurğulayıb.