Bakı Konfransı Rekord Qırdı: Dünya Telekommunikasiya Sammiti İştirakçı Sayı ilə Tarix Yazdı

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) iştirakçı sayına görə rekord vuraraq əvvəlki illərin nəticələrini geridə qoyub. Tədbir yüksəksəviyyəli qonaqların iştirakı ilə də yadda qalıb.

Rock.News xəbər verir ki, “WTDC-25”də iştirak üçün 2572 nəfər qeydiyyatdan keçib. Bu, Bakı konfransını son illərdə təşkil edilən “WTDC”lər arasında ən yüksək iştirakçı sayına malik tədbirə çevirib. Müqayisə üçün, “WTDC-2017” 1360, “WTDC-2022” isə 1763 iştirakçı ilə keçirilmişdi. Konfransda 196 yüksəkvəzifəli qonaq iştirak edib ki, bu da “WTDC-2022”dəki göstəricidən xeyli çoxdur.

Bakının ev sahibliyi etdiyi tədbirdə iştirakçı rahatlığı, təşkilati işlər yüksək səviyyədə təmin edilib. “WTDC-25”in əsas nəticələrindən biri 2026–2029-cu illəri əhatə edən qlobal rəqəmsal inkişafın əsas bələdçisi rolunu oynayacaq Bakı Fəaliyyət Planının qəbulu olub. Bu plan inkişaf etməkdə olan ölkələrin rəqəmsal ehtiyaclarına diqqət yetirir.

Qeyd olunur ki, dünyada iki milyarddan çox insan hələ də internetə çıxışa malik deyil. Bakı Fəaliyyət Planı rəqəmsal iqtisadiyyatın faydalarının bütün cəmiyyətlər arasında paylanılması üçün vacib olan universal və əlçatan əlaqəni təmin etməklə bu fərqi aradan qaldırmağa yönəlib.