Azərbaycanda süni intellekt proqramına start verildi: Mühəndislər yetişdiriləcək
Azərbaycanda süni intellekt tətbiqlərinin yaradılması məqsədilə genişmiqyaslı bir proqramın icrasına başlanılıb. Bu proqram çərçivəsində süni intellekt mühəndislərinin yetişdirilməsi nəzərdə tutulur.
Rock.News xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransında çıxışı zamanı məlumat verib.
S.Əsədov bildirib ki, bu sahədə 6 aylıq süni intellekt akademiyası fəaliyyətə başlayıb. O, bu akademiyanın yüksək riyazi bacarıqlara və xarici dil biliyinə malik süni intellekt mühəndisləri yetişdirəcəyini qeyd edib. Artıq 150-ə yaxın tələbənin seçildiyini və bu proqramın tam təqaüdlü dövlət proqramı olduğunu vurğulayıb. Altı ayın sonunda süni intellekt mühəndisləri, data mühəndisləri və digər mütəxəssislər yetişdiriləcək. Bu məqsədlə tanınmış xarici universitetlərlə əməkdaşlığa başlanılıb.