AZAL Uşaqlar üçün "Arzulardakı Mavi Təyyarə" Kitabını Nəşr Etdi

“Azərbaycan Hava Yolları” (AZAL) balaca sərnişinləri üçün rəngarəng və ilhamverici “Arzulardakı mavi təyyarə” adlı kitab nəşr edib. Kitabın məqsədi uşaqlarda aviasiyaya marağı artırmaqdır.

Rock.News xəbər verir ki, kitab AZAL-ın sifarişi ilə “TEAS Press” Nəşriyyat Evi tərəfindən hazırlanıb. Nəşr 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Azərbaycan və İngilis dillərində çap edilən kitab AZAL-ın kiçik sərnişinlərinə uçuşlar zamanı hədiyyə olunacaq.

Kitabın müəllifi Mürşüd İsmayılzadədir. Hekayənin mərkəzində səkkiz yaşlı Azər dayanır. Uzun illər AZAL-da pilot kimi çalışmış babası ona ad günündə təyyarə modeli hədiyyə verir. Azərin böyük qardaşı, Milli Aviasiya Akademiyasının tələbəsi Murad, modeli yığmaqda ona kömək edir. Kitabda təyyarələrin necə işlədiyi və aviasiya haqqında maraqlı faktlar yer alır.

Azər həmin il ilk dəfə səyahətə çıxır. Bakıdan Qarabağa uçuş onda unudulmaz təəssüratlar yaradır və gələcəkdə pilot olmaq arzusunu daha da möhkəmləndirir.