S&P Azərbaycana Xəbərdarlıq Etdi: Manatın Sabitliyi Nə Qədər Davam Edəcək?

S&P Global Ratings Azərbaycan manatının məzənnəsinin sabit saxlanmasının davam edəcəyi ilə bağlı proqnozunu açıqlayıb. Lakin agentlik uzunmüddətli perspektivdə neft qiymətlərinin aşağı düşməsi halında ehtiyatların qorunması üçün məzənnənin dəyişdirilə biləcəyi barədə xəbərdarlıq edib.

Rock.News xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları oktyabrın 31-nə 11,4 milyard dollar təşkil edib. Bu, təxminən dörd aylıq cari ödənişlərə bərabərdir və proqnozlaşdırılan neft qiymətləri fonunda əhəmiyyətli bufer yaradır. Agentlik həmçinin Azərbaycanın 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində prudensial tənzimləmə və bank nəzarətini gücləndirməyə yönəlmiş bir sıra islahatlar həyata keçirdiyini qeyd edib.

S&P-yə görə, mövcud məzənnə rejimi inflyasiyanı sabitləşdirir, lakin Mərkəzi Bankın monetar siyasət imkanlarını məhdudlaşdırır. Pandemiyadan əvvəl 55% olan depozit dollarlaşması hazırda 29%-ə düşüb. Agentlik əlavə edib ki, dollarlaşma etibara həssas olaraq qalır və valyuta təzyiqi yaranarsa, əhalinin xarici valyutaya sürətli keçidi mümkündür.