Prezident Əliyevdən Sərəncam: Azərbaycanda 21 yeni peşə məktəbi tikiləcək!

Prezident İlham Əliyev peşə təhsili sisteminin gücləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə 21 yeni peşə məktəbi tikiləcək, 2 məktəb isə əsaslı təmir olunacaq.

Rock.News xəbər verir ki, sərəncamda əmək bazarının tələblərinə uyğun yüksək keyfiyyətli peşə təhsilinin məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasında mühüm rol oynadığı vurğulanır. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi bir sıra sənədlərdə, o cümlədən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.

Sərəncamda Nazirlər Kabinetinə peşə təhsili sisteminin gücləndirilməsinə dair tədbirlər planını təsdiq etmək, Elm və Təhsil Nazirliyinə isə tikinti və təmir nəzərdə tutulan müəssisələrin siyahısını təsdiq etmək tapşırılıb. Dövlət Neft Fondu isə bu tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutmalıdır.