Kobaxidze ABŞ-a mesaj verdi: Münasibət dəyişməsə, addımlarımız sərt olacaq!
Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın Gürcüstana qarşı münasibətinin dəyişməsini gözlədiklərini, əks halda addımlarının sərt olacağını bəyan edib.
Rock.News xəbər verir ki, Baş nazir Gürcüstanın ABŞ-ın mövqeyini səbirlə gözlədiyini, 2024-cü ilə qədər Gürcüstana qarşı olan "kobud və ədalətsiz" münasibətin dəyişəcəyinə ümid etdiyini bildirib.
Kobaxidze əlavə edib ki, Gürcüstan tərəfindən verilən bəyanatlara cavab gözlənilir və atılacaq addımlar bu cavaba uyğun olacaq. Xatırladaq ki, ABŞ Gürcüstanla 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Vaşinqton bu qərarı Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər gündəmə gətirməyəcəyini açıqlayandan sonra qəbul edib.
Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib.