Gürcüstan və Ermənistan XİN başçıları Cənubi Qafqazda sülh üçün bir araya gəldi
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci toplantısı çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
Rock.News xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Görüşdə iki ölkə arasında uğurlu strateji tərəfdaşlıqdan məmnunluq ifadə olunub və mövcud sıx əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıq bir daha təsdiqlənib.
Gürcüstanla Ermənistan arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin dinamikası müsbət qiymətləndirilib. XİN başçıları regionda baş verən proseslər ətrafında da fikir mübadiləsi aparıblar. Tərəflər münasibətlərin daha da inkişafı və dərinləşdirilməsi üçün müxtəlif sahələrdə fəal əməkdaşlığa hazırlıqlarını bildiriblər.
Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasının vacibliyi və Gürcüstanın bu prosesə töhfə verməyə hazırlığı vurğulanıb.