General İbrahimov Şimal bölgəsində vətəndaşları qəbul etdi: Nələr müzakirə olundu?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov dekabrın 5-də Xaçmazda vətəndaşlarla görüşüb. Görüşdə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan sakinlər iştirak ediblər.

Rock.News xəbər verir ki, qəbuldan əvvəl general İbrahimov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qəbul zamanı 4 şəhid ailəsi və 4 müharibə iştirakçısı olmaqla, ümumilikdə 21 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşlar əsasən hərbi xidmətə qəbul, işlə təminat, və övladlarının xidmət yerinin müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı müraciət ediblər.

Mürsəl İbrahimov vətəndaşların müraciətlərini dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həll olunub, digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilib.