Enerji Pasportu Olmayan Binalar Cərimələnəcək: Qanunvericilikdə Sərtləşmə

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması tələbinə əməl etməyənlər üçün cərimələr müəyyənləşdirilir. Bu qərar, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Rock.News xəbər verir ki, layihəyə əsasən, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunun 17.3-cü maddəsinə uyğun olaraq, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 2500-3000 manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, qanuna təklif edilən yeni 17.3-cü maddəyə əsasən, dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbar və istehsalat binaları, fərdi yaşayış evləri, reklam qurğuları və ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

Pasportlaşdırma, qanun qüvvəyə mindikdən sonra yeni tikilən, yenidən qurulan və ya əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara isə şamil edilməyəcək.