Britaniyalı Nazir Bakıdan Sonra İrəvana Səfər Etdi: Əməkdaşlıq Müzakirəsi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Ermənistanda səfərdə olub. Səfər zamanı müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Rock.News xəbər verir ki, Lord Vernon Koaker İrəvanda müdafiə naziri Suren Papikyanla görüşüb. Görüşdə iki ölkənin səfirləri, həmçinin Böyük Britaniyanın Ermənistandakı ilk hərbi attaşesi mayor Tomas Şorland Boll da iştirak edib.

Nazirlər Ermənistan və Böyük Britaniyada rezident attaşelərin təyin edilməsinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə kömək edəcəyini bildiriblər. Görüşdə bir sıra beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

Xatırladaq ki, Lord Vernon Koaker bir gün əvvəl Azərbaycanda da səfərdə olub.