Ağ Ev NATO-nun genişlənməsinə son qoymağa çağırır: Səbəb?

ABŞ administrasiyası NATO-nun daimi genişlənməsinin qarşısını almağı vacib hesab edir.

Rock.News xəbər verir ki, bu, Ağ Evin rəsmi saytında dərc edilən ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında qeyd olunub. Sənəddə Vaşinqtonun əsas məqsədlərindən birinin NATO-nun davamlı şəkildə genişlənməsi barədə təsəvvürə son qoymaq və belə inkişafın qarşısını almaq olduğu bildirilir.

Strategiyada həmçinin ABŞ-ın bütün dünya nizamını təkbaşına daşıdığı dövrün artıq arxada qaldığı vurğulanır. ABŞ-ın çoxsaylı müttəfiq və tərəfdaşları arasında öz regionlarında daha böyük məsuliyyət götürməli və kollektiv müdafiəyə daha ciddi töhfə verməli olan ölkələr var.

Sənəddə ABŞ-ın digər prioritetləri arasında Ukraynada döyüşlərin tez bir zamanda dayandırılması istiqamətində danışıqların aparılması, eləcə də Rusiyanın digər Avropa ölkələri ilə qarşıdurma riskinin azaldılması da yer alır.

Yeni strategiyada Avropa ölkələrinin Rusiyanı ekzistensial təhdid kimi gördüyü, Moskva ilə münasibətlərin tənzimlənməsinin isə ABŞ-ın diplomatik iştirakını tələb etdiyi bildirilib. Eyni zamanda, Vaşinqtonun Rusiya ilə münasibətlərdə strateji sabitliyi bərpa etməyə çalışdığı qeyd olunub.