ADY: Azərbaycan Dəmir Yollarının 63%-i Elektrikləşdirildi

Azərbaycan Dəmir Yollarının (ADY) 63%-i elektrikləşdirilib və ötən il yük daşımalarının 80%-dən çoxu elektrik dartısı ilə həyata keçirilib.

Rock.News xəbər verir ki, bu barədə ADY sədri Rövşən Rüstəmov Asiya İnkişaf Bankı (AİB) ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya layihəsinin təqdimatında məlumat verib.

Rüstəmovun sözlərinə görə, Biləcəri və Gəncə depolarda 650-dən çox günəş paneli quraşdırılıb. Bu panellər hər il 132 000 kVt-saatdan çox təmiz enerji istehsal edir, bu da 2023-cü ilin nəticəsindən 70% çoxdur.

O, rəqəmsallaşma istiqamətində əldə olunan irəliləyişləri də qeyd edib. ADY daxilində işin təşkili rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır. AİB ilə əməkdaşlıq məlumatların və aktivlərin idarə edilməsi, hərəkətin təşkili üzrə qabaqcıl həlləri tətbiq etməyə imkan yaradır. Yük əməliyyatları üçün elektron sənəd dövriyyəsi tətbiq edilib, stansiya rəisləri və yük agentləri üçün rəqəmsal imzalar istifadə olunur.

Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişir, onlayn bilet satışı və "ağıllı turniket" sistemləri tətbiq olunur. Rüstəmov bildirib ki, bu tədbirlər ADY-nin müasir və dayanıqlı dəmir yolu sistemi yaratmaq istiqamətində lazımi təcrübəyə və dinamikaya sahib olduğunu sübut edir.

O, uzunmüddətli baxışın karbon-neytral dəmir yolu sisteminə doğru irəliləmək olduğunu vurğulayıb.