Abidələrə Qəsd Edənlərə Sərt Zərbə: Cəzalar Ağırlaşır!

Tarix və mədəniyyət abidələrini məhv edənlər üçün cəzalar sərtləşdirilir. Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Rock.News xəbər verir ki, qüvvədə olan qanuna görə, abidələri qəsdən korlama 2000-4000 manat cərimə və ya 2 ilədək həbslə cəzalandırılır. Yeni layihədə isə daşınar və daşınmaz mədəni sərvətlərə ziyan vurmağa görə cərimələr və həbs müddətləri artırılır.

Dəyişikliklərə əsasən, daşınar mədəni sərvətləri məhv etməyə görə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək həbs cəzası tətbiq olunacaq. Daşınmaz mədəni sərvətləri məhv etməyə görə isə ziyanın üç mislindən beş mislinədək cərimə və ya üç ildən beş ilədək həbs nəzərdə tutulur.

Təkrar cinayət, vəzifəli şəxs tərəfindən törədilmə, qrup şəklində əlbir olaraq törədilmə və ya milli, irqi, dini düşmənçilik zəminində törədilmə kimi hallarda cəza daha da sərtləşəcək - 4 ildən 8 ilədək həbs.

Qeyd edək ki, “Dövlət tərəfindən qorunan mədəni sərvətlər” dedikdə “Mədəniyyət haqqında” qanuna uyğun olaraq mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər nəzərdə tutulur. “Xeyli miqdar” dedikdə isə 3000 manatdan yuxarı məbləğ başa düşülür.