Abidələr: Köçürmə Qadağası! Yeni Qanun Layihəsi Milli Məclisdə
Abidələrin qorunması sahəsində yeni tələblər müəyyənləşir. Abidələrin zədələnməsi, məhv edilməsi və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan ediləcək.
Rock.News xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, abidələrin toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması da qadağan olunacaq. Qüvvədə olan qanuna əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.