Qarabağda ilk mis satışı: "Anglo Asian Mining" 3,6 milyon dollar qazandı
Rock.News xəbər verir ki, bu barədə şirkətin özü məlumat yayıb.
Məlumata görə, konsentratın satışı üzrə müqavilə 2025-ci il noyabrın 3-də "Trafigura Pte Ltd" şirkəti ilə imzalanıb. Müqavilə çərçivəsində noyabrın 17-dən 30-dək "Trafigura"ya 2 055 ton mis konsentratı təhvil verilib. Bu konsentratın tərkibində 351 ton mis olub. İlkin ümumi satış gəliri 3,6 milyon ABŞ dolları təşkil edib. Qeyd olunur ki, bu məbləğdə Azərbaycan hökumətinin payı nəzərə alınmayıb.
“Anglo Asian”dan bildirilib ki, noyabr ayında Dəmirli mədənində rekord hasilat həcmlərinə nail olunub. Ay ərzində ümumilikdə 1,95 milyon ton süxur çıxarılıb. Bunun 195 min tonu yüksək keyfiyyətli filiz, 269 min tonu oksid filiz, qalan hissəsi isə anbarların möhkəmləndirilməsi üçün istifadə edilən material olub. Noyabrın 27-də bir gündə 81 min ton süxur çıxarılması şirkətin tarixində ən yüksək günlük göstərici olub.
Xatırladaq ki, AAM 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsinə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.