Lənkəranda iki köhnə körpü sökülür: Yerində yenisi tikiləcək
Lənkəranda Ələt–Astara magistral yolunun üzərindəki iki köhnə körpü yenidən inşa edilir. Sürücülərin rahatlığı üçün alternativ yollar təmin olunub.
Rock.News xəbər verir ki, yenidən qurulan körpülər yolun 193-cü və 197-ci kilometrliklərində yerləşir. Hər biri 46 metr uzunluğunda və 14,5 metr enində olan bu körpülər, iki hərəkət zolağından ibarət olacaq.
Hazırda 193-cü kilometrdə yerləşən, Lənkəran–Liman yolunu birləşdirən və Viravul çayı üzərindəki körpüdə işlər davam edir. 197-ci kilometrdə, Göyşaban kəndi ərazisindəki Girdəni çayı üzərində yerləşən körpünün hissəsi isə müvəqqəti olaraq bağlanıb. Körpü tirlərinin quraşdırılması və betonlama işləri aparılır.
Bütün tikinti işləri mövcud dövlət standartlarına uyğun aparılır. Köhnə körpülərin sökülməsi və yenidən inşasına ötən ay başlanılıb.