Dakarda tələbə etirazları: Polis və tələbələr toqquşdu, xəsarətlilər var

Dakar Universitetində tələbələr təqaüd borclarının ödənilməsini tələb edərək etiraz aksiyası keçirib, nəticədə polis və tələbələr arasında toqquşma baş verib. Xəsarət alanlar var.

Rock.News xəbər verir ki, hadisə Seneqalın paytaxtı Dakarda yerləşən Şeyx Anta Diop Universitetində baş verib. Tələbələr universitet rəhbərliyi ilə görüş tələb edərək təqaüd borclarının dərhal ödənilməsini istəyiblər.

Kütləni dağıtmaq üçün polis xüsusi vasitələrdən istifadə edib, tələbələr isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına daşla hücum çəkiblər. Universitetin əsas girişində polis tərəfindən blok-post qurulub.

Tələbə nümayəndələrinin bildirdiyinə görə, insident zamanı 16 nəfər xəsarət alıb, onlardan 6-sının vəziyyəti ağırdır.

Universitetdə etirazlar tədris ilinin əvvəlindən davam edir. Bir gün əvvəl universitet rəhbərliyi vəziyyətə nəzarət üçün hakimiyyətdən polis qüvvələrinin göndərilməsini xahiş edib. Təhsil ocağında təxminən 100 min tələbə təhsil alır.