Saatlıda iki kənd susuzluğa son dedi: Yeni su xətləri çəkildi

Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihəsi başa çatdı. Kəndlərə yeni su xətləri çəkilib.

Rock.News xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Açılış mərasimində ADSEA sədrinin müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və digər rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasıdır.

Məlumata görə, Mollavazlı kəndində 7 km, Bəylər kəndində isə 4 km uzunluğunda su şəbəkəsi inşa olunub. Bununla da abonentlərin sayı Mollavazlıda 350-yə, Bəylərdə isə 296-ya çatdırılıb. Hər iki kənd üzrə əhaliyə verilən suyun dəqiq uçotunun aparılması üçün hər bir abonent su sayğacları ilə təchiz edilib. Layihə çərçivəsində Mollavazlı və Bəylər kəndlərinin 3790 nəfər sakini mərkəzləşdirilmiş su təchizatı sistemi ilə təmin edilib.

Saatlı şəhərinin su təchizatı sistemi Kür Su Təmizləyici Qurğusundan gələn magistral su kəmərləri vasitəsilə həyata keçirilir. Şəhərin 11.7 km magistral su kəməri, 136 km daxili paylayıcı şəbəkəsi, 2x5000 m3 həcmli su anbarları kompleksi və mərkəzi su nasos stansiyası mövcuddur. Rayon üzrə 11 yaşayış məntəqəsinə mərkəzləşmiş su təchizatı xidməti göstərilir. 26 kənddə isə modul tipli içməli su təmizləyici qurğular və bulaqlar vasitəsilə su təminatı təmin edilir. 2026-cı ilədək Əlisoltanlı və Potubəyli kəndlərində də mərkəzləşdirilmiş su şəbəkəsinin qurulması, Nabat və Çolpı kəndlərinin su təminatı sisteminin layihələndirilməsi planlaşdırılır.