Əmək Məcəlləsində dəyişiklik: 50-dən az işçisi olan müəssisələrə yeni tələb
Rock.News xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub.
Əmək Məcəlləsinə əsasən, hazırda iqtisadiyyatın bütün sahələrində işçilərin sayı 50 nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır. Bu xidmətlərə əmək qanunvericiliyini bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı 50 nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, 500 nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur.
Layihəyə əsasən, müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda, əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə dəyişiklik edilməklə, əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilməlidir. Bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilməlidir.