Azərbaycan enerji sektorunda karbon qazı emissiyalarını azaltmaq üçün yol xəritəsi hazırlanıb

Energetika Nazirliyində «Azərbaycanda enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr» sənədinin təqdimatı keçirilib.

Rock.News xəbər verir ki, sənəd «Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu»na uyğun olaraq həyata keçirilən «Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları» texniki yardım layihəsi çərçivəsində hazırlanıb.

Yol Xəritəsində Azərbaycanın elektroenergetika sektorunda karbon qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması üçün zəruri olan siyasətlər, generasiya texnologiyaları, qanunvericilik çərçivələri, institusional mexanizmlər, potensialın artırılması, sosial-iqtisadi tədbirlər və investisiyalar əhatə edən bir sıra tövsiyələr əksini tapıb.

Tədbirdə Energetika, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərişıq" ASC, “Azərenerji” ASC-nin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak ediblər.