«Prime Cotton»dan yenilik: Pambığın mənşəyi artıq elmi üsulla təsdiqlənir
Rock.News xəbər verir ki, bu təşəbbüs çərçivəsində «Prime Cotton» və onun fermer tərəfdaşları tərəfindən təqdim olunan pambıq nümunələri «Geodentify Reference Database»ə daxil edilib və şirkət rəsmi olaraq pambığın coğrafi mənşəyini təsdiqləyən sertifikat əldə edib.
«Geodentify»-nin mobil nümunə götürmə tətbiqi və laborator metodologiyası əsasında «Prime Cotton» tərəfindən tarlalardan bölgəvi alış mərkəzlərinə qədər sistemli nümunə götürmə proqramı həyata keçiriləcək. Bu proses hər istehsal bölgəsinin unikal «Geo Signature» (coğrafi kimlik imzası) ilə qeydiyyata alınmasını təmin edir.
Layihə çərçivəsində «Stable Isotope Ratio Analysis» (SIRA) və «Trace Element Analysis» (TEA) kimi qabaqcıl elmi metodlardan istifadə olunaraq «Prime Cotton»-un istehsal bölgələrinin unikal «elmi barmaq izi» formalaşdırılır. Bu sistem vasitəsilə pambığın həqiqiliyini və mənşəyini tarladan son tekstil məhsuluna qədər olan istənilən nöqtədə elm əsaslı şəkildə yoxlamaq mümkün olacaq.
«Bu təşəbbüs «Prime Cotton»-un pambıq istehsalında şəffaflıq və izləniləbilmə prinsipini tamamilə yeni mərhələyə yüksəldir. Biz artıq yalnız yüksək keyfiyyətli xammal istehsalçısı deyil, həm də mənşəyi sübut edilə bilən, etibarlı təchizat zəncirinin qurucusuyuq» – deyə, «Prime Cotton» şirkətinin Baş icraçı direktoru Rövşən Mahmudov bildirib.
Yeni sistem «GP Cotton Holdings»-in «dirt-to-shirt» (torpaqdan köynəyə) prinsipinə əsaslanan vertikal inteqrasiya olunmuş istehsal modelini daha da gücləndirir, şirkətin davamlılıq (sustainability) və ESG öhdəliklərini elmi əsaslarla təsdiqləyir. Bununla yanaşı, beynəlxalq alıcılar üçün pambığın mənşəyi barədə real vaxt rejimində sübutlu məlumat əldə etmək imkanı yaradır.
Bu nailiyyət «Prime Cotton»-un artıq sahəsində əldə etdiyi digər beynəlxalq sertifikatların – ISO 9001 keyfiyyət idarəetmə sistemi, ISO 14001 ekoloji idarəetmə sistemi və OEKO-TEX® Standard 100 kimi tanınmış standartların – davamı olaraq şirkətin qlobal etibarlılığını və texnoloji liderliyini daha da möhkəmləndirir.
Xatırladaq ki, «Prime Cotton» MMC 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. «GP Cotton Holdings»in tərkibinə daxil olan «Prime Cotton», pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.