Neft kəmərlərində itkilər artdı: Nə baş verir?
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında neft kəmərlərində itkilərin həcmi 3,8 min tona yüksəlib. Bu, illik müqayisədə 8,6% çoxdur.
Rock.News xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 3,5 min ton təşkil edib.
Hesabat dövründə neft kəmərləri ilə 27 592,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,4% azalma deməkdir. Nəqlin 74,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə həyata keçirilib. BTC ilə nəql olunan neftin həcmi 20 569,1 min ton olub ki, bu da illik müqayisədə 5,1% azdır.
Xatırladaq ki, ötən il neft kəmərlərində itkilər 4,5 min ton təşkil etmişdi, bu da illik müqayisədə 18,4% çox idi. Ümumilikdə, 2023-cü ildə kəmərlərlə 38 752,1 min ton neft nəql edilmişdi.