«Fitch» xəbərdarlıq etdi: Azərbaycanda dollarlaşma yüksək səviyyədə qalacaq

«Fitch Ratings» beynəlxalq reytinq agentliyi proqnozlaşdırır ki, Azərbaycanın bank sektorunda depozitlərin dollarlaşması yaxın illərdə də yüksək səviyyədə davam edəcək.

Rock.News xəbər verir ki, agentliyin hesabatında 2025-ci ilin üçüncü rübünün sonuna olan məlumata əsasən, depozitlərin 44%-i hələ də xarici valyutadadır. «Əlavə makro-prudensial tədbirlər görülmədiyi halda, depozitlərin manatlaşması prosesi çox yavaş templə davam edəcək», - deyə agentlik bildirir.

Hesabatda o da qeyd olunur ki, bankların xarici valyutada verdiyi kreditlərin payı azalmaqda davam edəcək və 2026-cı ilin sonuna doğru ümumi kredit portfelinin təxminən 12%-nə enəcək (2024-cü ilin sonu: 16%). «Fitch» bu azalmanı manatın ABŞ dollarına bağlı stabil məzənnəsi və xarici valyutada kreditləşməyə qoyulan ciddi məhdudiyyətlərlə izah edir.