«Fitch» xəbərdarlıq etdi: Azərbaycan banklarının gəlirliliyi azalacaq, amma...

«Fitch Ratings» beynəlxalq reytinq agentliyi proqnozlaşdırır ki, 2026-cı ildə Azərbaycan banklarının mənfəəti bir qədər zəifləyəcək, lakin ümumi gəlirlilik hələ də yüksək səviyyədə qalacaq.

Rock.News xəbər verir ki, hesabatda bankların qazancını geniş faiz marjalarının dəstəklədiyi qeyd olunur. 2025-ci ilin 9 ayının sonuna marja 6,5% təşkil edib. Lakin 2026-cı ildə müddətli depozitlərin payının artması səbəbindən bu göstəricinin təxminən 50 baza bəndi azalacağı gözlənilir.

Bundan əlavə, kredit zərərləri üzrə ehtiyatların da artacağı proqnozlaşdırılır. Agentlik 2026-cı ildə kredit itkisi ehtiyatlarının orta kreditlərin 2%-i səviyyəsinə yüksələcəyini, halbuki bu göstəricinin 2025-ci ilin 9 ayında 1,2% olduğunu bildirir.

«Fitch»-in qiymətləndirməsinə görə, faiz marjalarının azalması və ehtiyat ayırmalarının artması bankların əməliyyat mənfəətinə təsir edəcək. Buna baxmayaraq, sektor üzrə mənfəətliliyin güclü olaraq qalacağı qeyd edilir.