Azərbaycanda qaz itkisi: Rəqəmlər artdı, narahatlıq yüksəldi

Azərbaycanda bu ilin ilk doqquz ayında magistral qaz kəmərlərindəki itkilər 34,6 milyon kubmetrə yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% çoxdur.

Rock.News xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 29,6 milyon kubmetr təşkil edib.

Hesabat dövründə magistral qaz kəmərləri ilə 29 825 milyon kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 0,9% çoxdur. Nəql olunan qazın 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 17 135,6 milyon kubmetr qaz ötürülüb ki, bu da 1,98% artım deməkdir.

Ötən il Azərbaycanda magistral qaz kəmərlərində itkilər 47,3 milyon kubmetr təşkil etmişdi, bu da illik müqayisədə 20,9% az idi. Ümumilikdə, 2023-cü ildə magistral qaz kəmərləri ilə 40 348,3 milyon kubmetr qaz nəql edilib, bu da əvvəlki ilə nisbətən 2,7% çoxdur. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə reallaşdırılıb və bu kəmərlə 22 851,9 milyon kubmetr qaz ötürülüb (4,3% artım).