Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul etdi: 362 nəfər işlə təmin olundu

Daxili işlər naziri Vilayət Eyvazov Gəncədə 384 vətəndaşı qəbul edərək onların müraciətlərini dinləyib. Qəbul zamanı xidmətə qəbul şərtlərinə uyğun gələn 362 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Rock.News xəbər verir ki, nazir əvvəlcə Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini yad edib. Daha sonra Baş Polis İdarəsində Gəncə, Goranboy, Daşkəsən, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.

Nazir qəbula gələnlərin müraciətlərinin həlli üçün aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülüb.

Səfər çərçivəsində V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində də olub, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb. O, həmçinin şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Sonda nazir polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışını keçirib. Vətən müharibəsinin 42 iştirakçısı da sıra baxışında iştirak edib.