Səfərbərlik Xidməti vətəndaş cəmiyyəti ilə görüşdü: Şəffaflıq artırılacaq

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb. Məqsəd korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirmək, şəffaflığı təmin etməkdir.

Rock.News xəbər verir ki, tədbirdə qeyri-hökumət təşkilatları və media nümayəndələri Dövlət Xidmətində şəffaflığın təminatı, vətəndaşlara göstərilən xidmətlərdə yeniliklər, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlərlə tanış olublar.

Görüşdə Xidmətin fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində həyata keçirilən vacib tədbirlər haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, idarəetmənin rəqəmsal texnologiyalara əsaslanan daha çevik və şəffaf proseslərlə təmin edilməsi istiqamətində görülən işlər nəticəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər. Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.

Görüşdə sözügedən məsələlər ətrafında müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin təklifləri dinlənilib.