Nazirlikdən ŞOK Açıqlama: Güzəştli pensiyalarda yeni qaydalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi güzəştli şərtlərlə pensiya təyinatında vətəndaşlar üçün yeni asanlıqlar yaratmaq məqsədilə bir sıra dəyişikliklər edib.

Rock.News xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nda edilmiş dəyişikliklər vətəndaşların rahatlığını və operativliyi artırmağa xidmət edir.

Nazirlikdən verilən məlumata görə, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti zərərli olan işlərdə çalışan şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilərkən, müəssisə tərəfindən təqdim edilən arayış tələb olunur. Yeni dəyişikliyə əsasən, müəssisə fəaliyyət göstərmədikdə, şəxsin işlədiyi peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olması əsasında onun iş dövrü güzəştli staja daxil ediləcək.

Güzəştli sahədə iş stajının hesablanması «Əmək və Məşğulluq» altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə, digər hallarda isə əmək kitabçasında olan qeydə və ya Dövlət arxivinin arayışına əsasən aparılacaq.

Həmçinin, qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin pensiyası hesablanarkən, əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. Qaydada təkmilləşdirmə və uyğunlaşdırma məqsədilə digər dəyişikliklər də edilib.