Azərbaycan UNEP-də sədrliyi qəbul etdi: Prioritetlər müəyyənləşdirilir

Azərbaycan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin açıq iclasına sədrlik edir. İclasda ətraf mühit məsələləri üzrə qlobal prioritetlər müzakirə olunacaq.

Rock.News xəbər verir ki, iki ildən bir keçirilən iclas BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 7-ci sessiyasında qəbul olunacaq qərar və qətnamə layihələrinin müzakirəsi üçün 5 gün davam edəcək.

Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev bu ilin iyun ayında UNEP-in Daimi Nümayəndələr Komitəsinin Bürosunun 2025-2027-ci illər üzrə sədri vəzifəsinə seçilib.

UNEP Daimi Nümayəndələr Komitəsi ətraf mühit məsələləri üzrə dünya əhəmiyyətli prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu UNEA-nın daimi fəaliyyət göstərən orqanıdır. UNEA-nın 7-ci sessiyasında 5000-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Azərbaycan bu sədrliyi çərçivəsində UNEA-nın 7-ci sessiyasının prezidenti Oman Sultanlığı ilə birlikdə əlaqədar proseslərə töhfə verir. Ölkəmiz UNEP-in 2026-cı ildə keçiriləcək «Ümumdünya Ətraf Mühit Günü»nə ev sahibliyi edəcək. Həmçinin, 2026-cı ilin 17-22 may tarixlərində ölkəmiz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına da ev sahibliyi edəcək.