Azərbaycan startapları üçün yeni imkanlar: «Plug and Play» platforması gəlir!
Rock.News xəbər verir ki, əməkdaşlığın əsas məqsədi startapların qlobal bazarlara çıxışını asanlaşdırmaq, onları akselerasiya proqramları və mentor dəstəyi ilə təmin etməkdir. Həmçinin, «Silikon Vadisi» şəbəkəsi də daxil olmaqla, digər qlobal investorlarla əlaqələr qurulmasına şərait yaradılacaq.
İRİA-dan verilən məlumata görə, «Plug and Play» ilə əməkdaşlıq iki əsas istiqamətdə həyata keçiriləcək. Birincisi, startapların müxtəlif sektorlar üçün texnoloji həllər təklif etdiyi platforma yaradılacaq. İkincisi, «Silikon Vadisi»ndə baş tutacaq «Plug and Play» Sammiti ilə yekunlaşan hibrid proqram təşkil olunacaq.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov bu əməkdaşlığın Azərbaycan startapları üçün yeni üfüqlər açacağını vurğulayıb:
«İRİA-nın «Plug and Play» ilə əməkdaşlığı çərçivəsində startaplar qlobal ekosistemin imkanlarına daha geniş çıxış əldə edə biləcəklər. Bura investor şəbəkəsi, akselerasiya və mentor dəstəyi proqramları daxildir».
Qeyd edək ki, «Plug and Play» qlobal miqyasda 60-dan çox məkanda, 550-dən artıq korporativ və dövlət sektoru tərəfdaşları ilə fəaliyyət göstərir. Platformanın innovasiya fəaliyyəti 25-dən çox sənaye sahəsini əhatə edir.