Asiyada daşqınlar: 800 nəfər həyatını itirdi, yüz minlərlə insan evsiz qaldı

Cənub-Şərqi Asiyada baş verən güclü yağışlar və daşqınlar nəticəsində 800-dən çox insan həlak olub.

Rock.News xəbər verir ki, Şri-Lankada “Ditva” siklonu 212 nəfərin ölümünə səbəb olub, 218 nəfər itkin düşüb. Təxminən 200 min insan evlərini tərk edərək sığınacaqlara yerləşdirilib. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün 24 minə yaxın polis, ordu və hava qüvvələri əməkdaşı səfərbər olunub.

İndoneziya, Malayziya və Tailandda da leysan yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub. İndoneziyada 435, Tailandda 170 nəfər ölüb, Malayziyada isə üç ölüm halı qeydə alınıb. Axtarış-xilasetmə işləri davam edir.

Rəsmi məlumatlara görə, fəlakətdən 4 milyondan çox insan zərər çəkib: onların təxminən 3 milyonu Tailandın cənubunda, 1,1 milyonu isə İndoneziyanın qərbindədir.