Andrey Yermak istefasından sonra cəbhəyə yollandığını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermak istefa ərizəsini təqdim etdikdən sonra cəbhəyə getdiyini bildirib.

Rock.News xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Yermak cəbhəyə yollanmağa hazır olduğunu və hər hansı bir təzyiqə sinə gərəcəyini vurğulayıb.

O, həmçinin zənglərə cavab verməyəcəyi üçün üzr istəyib, lakin cəbhəyə nə vaxt və necə getməyi planlaşdırdığı, yaxud Ukrayna Silahlı Qüvvələrinə qoşulub-qoşulmayacağı barədə məlumat verməyib.

Yermak əlavə edib ki, 2022-ci il fevralın 24-dən Kiyevdə olmasına baxmayaraq, nüfuzdan salınıb və ləyaqəti qorunmayıb. O, Zelenski üçün problem yaratmaq istəmədiyini və buna görə də cəbhəyə getdiyini qeyd edib.

Xatırladaq ki, dünən səhər Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın hökumət binaları kompleksindəki mənzilində axtarış aparılıb. Bundan sonra o, Zelenskiyə istefa ərizəsini təqdim edib.