Fərdi sahibkarlar üçün sosial sığorta ödənişləri optimallaşdırılır
Fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı ildə başa çatır.
Rock.News xəbər verir ki, bununla əlaqədar olaraq "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunur. Hazırkı qanuna əsasən, fərdi sahibkarlar özlərinə görə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə isə 25 faizi miqdarında sosial sığorta haqqı ödəyirlər. Bundan əlavə, regionlar üzrə əmsallar tətbiq edilir: Bakıda 100 faiz, Sumqayıt və Gəncədə 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan ərazilərdə və qəsəbələrdə 60 faiz, kənd yerlərində isə 50 faiz.
Növbəti ildən qanunvericiliyə dəyişiklik edilmədiyi təqdirdə, fərdi sahibkarların sosial sığorta yükü artmalı idi. Lakin təklif edilən dəyişikliyə əsasən, gələn ildən fərdi sahibkarlar sosial sığorta haqlarını dövriyyədən 2% dərəcə ilə ödəyəcəklər. Bu zaman sığorta haqqının minimum məbləği minimum əmək haqqının 15 faizi (60 manat), maksimum məbləği isə minimum əmək haqqının 1 misli (400 manat) təşkil edəcək. Məsələn, Bakıda ticarət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 5 000 manat olan mikro sahibkarın ödədiyi aylıq sosial sığorta haqqı mövcud qanunvericiliyə görə 100 manatdırsa, qanuna dəyişiklik edilmədiyi halda bu məbləğ 200 manat olacaqdı. Yeni modelə görə isə, aylıq gəlirə 2 faiz dərəcə tətbiq etməklə hesablanacaq sosial sığorta haqqı (100 manat) mövcud sosial sığorta yükü ilə eyni olacaq. Eyni sahədə aylıq gəliri 3 500 manat olan mikro sahibkar üzrə aylıq sosial sığorta haqqı 100 manatdan 70 manata enəcək.
Məlumata görə, Bakıda xidmət sahəsində fəaliyyət göstərən və aylıq gəliri 3 000 manat olan mikro sahibkarın sosial sığorta haqqı 100 manatdan 60 manata düşəcək. Regionlarda isə ticarət sahəsində çalışan və aylıq gəliri 1 500 manat olan mikro sahibkarların aylıq sosial sığorta haqqının 3 dəfədən çox artmasının qarşısı alınaraq, məbləğ 60 manat olaraq qalacaq.
Beləliklə, gəlirin həcmindən asılı olmayaraq, minimum əmək haqqı üzrə standart məbləğlər əvəzinə, qanunvericiliyə təklif olunan yeni dəyişiklik nəticəsində aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükünün azalması gözlənilir.
Qeyd edək ki, fəaliyyət göstərən mikro sahibkarlıq subyektlərinə aid olan fərdi sahibkarların 80%-nin illik gəlirləri 60 000 manata qədərdir.
Eyni zamanda, fərdi sahibkarın özünə görə ödədiyi sosial sığorta haqları heç bir halda vergi deyil və onun pensiya kapitalına yığılaraq gələcəkdə həmin şəxsə pensiya ödənilməsi üçün istifadə edilir.