“AzerGold” Sudan ilə dağ-mədən əməkdaşlığını müzakirə etdi
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.
Rock.News xəbər verir ki, Zakir İbrahimov qonaqları salamlayaraq, Mentorluq Proqramı çərçivəsində görüşdə iştirak edən “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlını təqdim edib. Sədr, dövlət başçısının müvafiq sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin ölkədə istedadlı və idarəetmə potensialı olan gənclərin aşkara çıxarılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Müsabiqənin iştirakçılara bilik və bacarıqlarını qiymətləndirmək, liderlik keyfiyyətlərini təkmilləşdirmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı yaratdığı qeyd edilib.
İdarə Heyətinin sədri Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, əlverişli investisiya mühiti və dağ-mədən sənayesinə göstərilən dövlət dəstəyi nəticəsində “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə mühüm nailiyyətlər əldə etdiyini bildirib. O, mineral resurslarla zəngin ölkələrlə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışaraq, Mərkəzi Asiya və Afrika regionlarının “AzerGold” QSC üçün strateji maraq dairəsində olduğunu diqqətə çatdırıb.
Səfir Ənəs Eltayeb Elqaylani Mustafa Sudanın Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə dağ-mədən sənayesi sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu bildirib. O, ölkəsinin qızıl və mis kimi zəngin filiz ehtiyatlarına və geniş ixrac potensialına malik olduğunu qeyd edib. Səfir əlavə edib ki, Sudan hökuməti bu potensialın səmərəli şəkildə dəyərləndirilməsi üçün xarici tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir.
Tərəflər görüşü ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində atılmış müsbət addım kimi dəyərləndirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.