İordaniya Azərbaycanı MDB bazarına çıxışda əsas tərəfdaş görür

İordaniya Azərbaycanı Müstəqil Dövlətlər Birliyi (MDB) bazarlarına çıxışda əsas tərəfdaş kimi görür.

Rock.News xəbər verir ki, bu barədə İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah Azərbaycan–İordaniya Hökumətlərarası Komissiyasının 4-cü iclasında bildirib.

Nazir qeyd edib ki, İordaniyanın MDB bazarlarında mövcudluğu yoxdur. Buna görə də Azərbaycanla əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Yarub Qudah əlavə edib ki, Azərbaycanın MDB ölkələri ilə siyasi, iqtisadi və ticarət sahələrində formalaşdırdığı güclü tərəfdaşlıq İordaniya üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, Amman Bakı ilə birlikdə region bazarlarına çıxışı genişləndirməyi iki ölkə arasında əməkdaşlığın prioritet istiqaməti hesab edir.