Azərbaycan və İordaniya Komissiyası Bakıda iqtisadi əməkdaşlığı müzakirə edir

Bakıda Azərbaycan və İordaniya hökumətləri arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçirilir.

Rock.News xəbər verir ki, iclasdan əvvəl komissiya iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Daha sonra akademik Zərifə Əliyevanın xatirəsi anılıb və Şəhidlər xiyabanı ilə Zəfər Parkında Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib.

Komissiyanın həmsədrləri - Azərbaycanın maliyyə naziri Sahil Babayev və İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin, Hökumətlərarası Komissiyanın gündəliyi nəzərdən keçirilib.

Sahil Babayev iclasda çıxış edərək, Azərbaycan ilə İordaniya arasında 30 ildən artıq müddətdə formalaşmış münasibətlərin və prezident İlham Əliyev ilə Kral II Abdullah arasında yüksək səviyyəli siyasi dialoqun əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. O, komissiyanın əvvəlki təşəbbüsləri irəli aparmaq və yeni əməkdaşlıq sahələrini genişləndirmək üçün mühüm mərhələ olacağını qeyd edib.

Bildirilib ki, iki ölkə arasında imzalanmış 40-dan çox sənəd əməkdaşlığın inkişafı üçün hüquqi baza yaradır.

Nazir regional transformasiyadan danışaraq, dünyada müşahidə olunan geosiyasi dəyişikliklərin Cənubi Qafqaz regionunu yeni inkişaf mərhələsinə çıxardığını və Ermənistan-Azərbaycan sülh prosesi çərçivəsində Vaşinqtonda imzalanmış Bəyannamənin bölgə üçün tarixi dönüş nöqtəsi olduğunu bildirib. O, sənədin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin etdiyini və Zəngəzur Dəhlizinin açılmasına şərait yaratdığını qeyd edib. Bu yeni nəqliyyat arteriyası təkcə Cənubi Qafqaz deyil, Mərkəzi Asiya və Yaxın Şərq üçün də ticarət, logistika, enerji tranziti və regional inteqrasiya sahələrində geniş imkanlar açır.

S.Babayev Azərbaycan və İordaniya arasında iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini və tərəflər arasında daha böyük potensialın mövcud olduğunu bildirib.

Komissiyanın həmsədri Yarub Qudah iki ölkə arasında münasibətlərin iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb. O, İordaniyanın Azərbaycanla ticarət, investisiya, sənaye, enerji, turizm və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib.