Kirayə gəlirlərinə vergi yükü 2025-ci ildən 30% azalacaq
Rock.News xəbər verir ki, bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir. Bu dəyişikliklər "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi çərçivəsində Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin əsas məqsədi sahibkarlığın dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin gücləndirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını ictimaiyyətə hissə-hissə təqdim edir.
Qeyd olunub ki, mənzillərin kirayəyə verilməsi vergiyə cəlb olunan əməliyyat olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatlar mövcuddur. Prosesin rəsmiləşdirilməsi üçün inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması planlaşdırılır.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara vergi orqanında uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) təyin etmək və vergi öhdəliklərini həmin şəxsə həvalə etmək hüququ verilib.
Sahibkarlıq fəaliyyəti çərçivəsində və ya hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14%-lik vergi dərəcəsi olduğu kimi qalır.
Dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin rəsmiləşdirilməsini təşviq etməkdir.