"Azersun Holding" zavodlarında 6 MW gücündə GES qurmağa başladı
"Azersun Holding" ətraf mühitin mühafizəsini və resurslardan səmərəli istifadəni korporativ strategiyasının əsas istiqamətlərindən biri hesab edir. Şirkət bu məqsədlə bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək üçün istehsalat müəssisələrində Günəş Enerjisi Sistemlərinin (GES) quraşdırılmasına başlayıb.
Rock.News xəbər verir ki, hazırda Biləsuvar Konserv Zavodunda və Bakı Qida və Yağ Fabrikində GES-lərin quraşdırılması işləri həyata keçirilir. Layihə çərçivəsində Yağ Fabrikində 3,5 meqavat/saat, Biləsuvar Konserv Zavodunda isə 2,5 meqavat/saat gücündə sistemlər qurulur.
Bu layihələr "Azersun Holding"in karbon emissiyalarını azaltmasına, enerji səmərəliliyini artırmasına və dayanıqlı inkişaf strategiyasını reallaşdırmasına əhəmiyyətli töhfələr verəcək. Şirkətlər qrupu, həmçinin su ehtiyatlarından effektiv istifadə üçün də müxtəlif layihələr icra edir.