Leyla Əliyeva Lənkəranda aqroturizm potensialını dəyərləndirdi

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, eləcə də Alena Əliyeva Lənkəran rayonunda yerləşən “Citrus Valley” fermer təsərrüfatına baş çəkiblər. Onlar müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.

Rock.News xəbər verir ki, təsərrüfatın sahibi Rəftarə Şükürova qonaqlara məlumat verib. O bildirib ki, Azərbaycanın ilk aqro-qastro-eko turizm məkanlarından biri olan “Citrus Valley” 2024-cü il ərzində 15 000-dən çox turisti qəbul edib. Burada ziyarətçilər kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanması üzrə ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanına malikdirlər.

Ziyarət zamanı Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva təsərrüfatda yaradılan şəraitə və məhsul çeşidlərinə diqqət yetiriblər. Onlar burada çalışan əməkdaşlarla səmimi söhbətlər apararaq, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda təsərrüfatın kollektivi ilə xatirə fotoşəkilləri çəkdirilib.